
Klimaks və ya menopauza - orqanizmin təbii “qocalma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.
Klimaks neçə yaşda başlayır?
Klimaksın başlaması üçün orta yaş 51 yaşdır. Əksər qadınlarda menopauza 45-55 yaş arası başlayır, lakin aybaşı 55-60 yaşdan sonra da kəsilə bilir.
Erkən klimaks nədir?
40 yaşı tamam olmayan qadınlarda menopauza simptomları yarandıqda, erkən və ya vaxtından tez başlayan klimaksdan söhbət gedə bilər. Erkən menopauza 15 yaşdan 39 yaşadək istənilən yaşda inkişaf edə bilər. Erkən klimaksın ilk əlaməti hormonal tənzimləmənin pozulmasından irəli gələn qeyri-mütəmadi menstrual qanaxmalardır.
Süni kilmaks nədir?
Süni klimaks xarici təsirlərlə (bədxassəli xəstəliklərin kimya terapiyası və ya radioterapiyası, yumurtalıqların və uşaqlığın cərrahi yolla xaric edilməsi, yumurtalıqların fəaliyyətinə təzyiq göstərən dərmanlardan istifadə edilməsi) bağlı olaraq yumurtalıqların fəaliyyətinin dayanmasıdır.
Klimaksın başlayacağı vaxtı necə təyin etməli?
Klimaksın başlayacağı vaxt ilk aybaşınızın neçə yaşınızda başlamasından asılı deyil. Əgər ananızda klimaks vaxtından tez başlamışdırsa, onda sizdə də erkən menopauza riski yüksəkdir. Həmçinin müəyyən edilmişdir ki, siqaret çəkən qadınlarda menopauza siqaret çəkməyən qadınlarla müqayisədə orta hesabla 2 il tez başlayır. Sizdə klimaksın nə vaxt başlayacağını qabaqcadan təyin etmək üçün xüsusi bir analiz yoxdur. Qanın hormonlara görə analizi menopauza başlamayınca heç bir dəyişiklik göstərməyəcəkdir.